image

Azərbaycanda zeytunçuluğun inkişafını, ölkəmizin və həmçinin regionun keyfiyyətli zeytun məsullarına ehtiyacını təmin etməyi qarşısında məqsəd olaraq qoymuş Grand-Agro MMC 2017-ci ildə təsis edilmiş, qısa zamanda ölkəmizdə ilklərə imza atmışdır. Belə ki, şirkətin istifadəsinə verilmiş 3000 hektara yaxın ərazidə böyük həcmli əkinləri həyata keçirmək üçün sahələr məişət və sənaye tullantılarından, eləcə də plantaj şumlama aparmaqla daş, qayalıqlardan əsaslı şəkildə təmizlənmişdir.

Şirkət daxilində "Araşdırma və İnkişaf qrupu" yaradılmaqla əvvəlcədən sektor üzrə qabaqcıl ölkələrin təsərrüfatlarına səfərlər edilmiş, bütün sahələrdə müasir suvarma infrastrukturu, aqrotexniki tədbirlərin aparılması təcrübələri öyrənilməklə uzunmüddətli strateji plan hazırlanmışdır. 2019-cu ildən başlayaraq 1100 hektar ərazidə (əsasən zeytun olmaqla) 800 000-dən çox zeytun və badam tinglərinin əkinini uğurla həyata keçirmişdir. Tinglərin seçimində torpaq sahələrinin, su mənbələrinin bioloji və kimyəvi analizləri aparılmış, yerli iqlimi, məhsulun bazar üstünlüyünü nəzərə alaraq yüksək məhsuldarlığı ilə seçilən İspan, İtaliyan və Fransız mənşəli 23 zeytun və 9 badam sortundan ibarət sort xəritəsi hazırlanmış və əkini həyata keçirilmişdir. Xüsusilə qeyd etmək istərdik ki, yuxarıda qeyd olunan 32 sortun əksəri ilk dəfə ölkəyə Grand-Agro MMC tərəfindən gətirilmiş və yerli iqlimə uyğunlaşdırmaq baxımdan müsbət nəticələr əldə edilmişdir. Yaxın gələcəkdə Abşeron yarımadasının iqliminə uyğun seçilmiş müxtəlif püstə, innab və əncir sortlarının da test məqsədi ilə əkilməsi planlaşdırılır ki, bunun da nəticəsində yerli şəraitə daha yaxşı uyğunlaşan sortların artırılaraq kütləvi əkini nəzərdə tutulur.

Şirkətimizin qarşısında qoyulmuş əsas məqsədlərdən biri əvvəldən uzun müddət baxımsız qalmış zeytun bağlarının bərpasını həyata keçirmək olmuşdur. Belə ki, 660 hektarlıq köhnə zeytun bağlarında əsaslı budama aparılmış, bərpası mümkün olmayan ağaclardan təmizlənmiş, müasir damlama-suvarma sistemləri qurulmuş, enerji infrastrukturu ilə təmin edilmiş, aqrotexniki qulluğun müasir bağçılıq konsepsiyası əsas götürülərək maksimum mexanikləşdirilmə işləri aparılmışdır.

Ərazilər Qala, Türkan, Hövsan, Zirə, Ramanada yerləşməklə 2 il ərzində 2500 hektara yaxın ərazidə 12 nasos stansiyası kompleksi qurulmuş, 3 qaraj kompleksi tikilmiş, bütün işçi heyəti daimi və yerli olmaqla 350 nəfər işlə təmin olunmuşdur. Yerli mütəxəssislərimizin daimi inkişafını, iş məhsuldarlığını artırmağı əsas prinsip olaraq saxlamaqla Zeytun Emalı Zavodu istismara verildikdən sonra ümumi işçi heyətinin 500-ə çatdırılması planlaşdırılır.

Grand-Agro MMC-nin əkin sahələrindən maksimum məhsuldarlıq hədəfləri müəyyənləşdirilmiş və məhsuldarlıq planlaması əsasında illik emal gücü  15 000 ton olan süfrəlik zeytun və zeytun yağı  istehsalı kompleksinin layihələndirilməsi işləri tamamlamışdır. Zavodun istismara verilməsi 2021-ci ildə nəzərdə tutulmuş və əhalinin yüksək keyfiyyətli zeytun məhsulları ilə təmin olunması planlaşdırılmışdır. Zeytun Emalı Zavodu layihəsi çərçivəsində emal prosesi zəncirinin tam qapalı edilməsi prinsipi əsas götürülməklə tullantıların emalını həyata keçirmək, yan sahələrin, xüsusilə zeytun tərkibli kosmetik vasitələrin, orqanik gübrələrin istehsalına əsaslı dəstək veriləcəkdir.

Şirkətimiz, həmçinin əhalimiz qarşısında sosial məsuliyyəti dərk edərək bir sıra tədbirlər keçirmiş və bundan sonra da davamlı olaraq vətəndaşlarımızın, xüsusən də uşaqlarımızın sağlamlığına, maddi rifahına xidmət edəcək tədbirləri həyata keçirmək məqsədindədir. Təkcə 2020-ci ildə, pandemiyaya baxmayaraq, 1 iyun Beynəlxalq Uşaqlar günü münasibətiylə 2 sosial tədbir, Asan Məktub Layihəsi və "Mənim Zeytun Bağım" mövzusunda ümumilikdə 151 uşağa maddi dəstək verilmiş, 96 müsabiqə iştirakçısına mükafatlar təqdim etmişdir.  Həmçinin ilin əvvəlində müxtəlif təşkilatlar və səfirliklərlə birlikdə sosial tədbirlər  çərçivəsində zeytun tingləri əkilmişdir.

Xüsusilə qeyd etmək istərdik ki, layihələrimizin uğurla həyata keçirilməsində dövlət qurumları ilə intensiv işlər aparılma, istər infrastruktur işlərində, istərsə texnika, texnoloji avadanlıqların, tinglərin idxalında dövlət dəstəyinin olması özəl sektorla dövlət sektorunun əməkdaşlığı baxımdan nümunə olaraq qürurvericidir və dövlətimizin diqqətinin nəticəsidir.

Ümumilikdə şirkətimiz Azərbaycanda qeyri-neft sektorunun inkişafını, Abşeron yarımadasının, xüsusən də Bakı şəhərinin ekoloji vəziyyətinin əhəmiyyətli yaxşılaşdırılmasını, zeytun məhsulları ilə vətəndaşlarımızın sağlamlığına əvəzedilməz töhfə verilməsini, ölkəmizdə zeytun mədəniyyətinin formalaşdırılmasını əsas hədəflər olaraq seçməklə nümunəvi kənd təsərrüfatı şirkəti olmaq missiyasındadır.

Xüsusi video çarxına bu link üzrə keçərək baxa bilərsiniz